“Gənclik kəndimizdə” layihəsi kəndlərdə gənclərlə görüşlərə başlayır
Cənub Media xəbər verir ki, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən “Yeniyetmələrin gələcək inkişaf platforması” layihəsi çərçivəsində “Gənclik kəndimizdə” təşəbbüsünə start verilir.
Layihənin məqsədi kəndlərdə yaşayan gənclərlə birbaşa görüşlər keçirmək, onların fikir və təkliflərini dinləmək, eləcə də yeni ideyaların formalaşdırılmasına şərait yaratmaqdır.
Təşəbbüs çərçivəsində idarənin əməkdaşlarının müxtəlif kəndlərə səfər edərək yerli gənclərlə görüşlər keçirməsi nəzərdə tutulur. Görüşlər zamanı gənclərin maraq dairəsi, onları düşündürən məsələlər və gələcək təşəbbüslərlə bağlı fikirləri dinləniləcək.
İlk görüşün hansı kənddə keçiriləcəyi hələlik açıqlanmayıb. Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi kənd sakinlərini və gəncləri ilk görüşün keçirilməsi üçün kəndlərinin adını təklif etməyə çağırıb.
Beləliklə, növbəti görüşün keçiriləcəyi kənd sosial şəbəkələrdə veriləcək təkliflər əsasında müəyyənləşdirilə bilər.
İlkin Adıyev, Cənub Media