Xorvatiyanın Zaqreb Universitetinin nümayəndəsi Lənkəran Dövlət Universitetində (LDU) akademik səfərdədir.
Cənub Media xəbər verir ki, Assist. Prof. Drajen Curiçiç (Dražen Đuričić) LDU ilə Zaqreb Universitetinin Baytarlıq Təbabəti fakültələri arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Azərbaycana gəlib.
Akademik səfər çərçivəsində xorvatiyalı alim LDU-nun Baytarlıq fakültəsində professor-müəllim heyəti və tələbələrlə görüşlər keçirəcək, elmi seminarlar, mühazirələr və ustad dərsləri təşkil edəcək.
LDU-nun rektoru, professor Natiq İbrahimov Drajen Curiçiçi qəbul edib. Görüşdə iki universitet arasında akademik əməkdaşlığın genişləndirilməsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi və professor-müəllim, eləcə də tələbə mübadiləsi imkanları müzakirə olunub.
Səfər müddətində xorvatiyalı alimin universitetin elmi-tədqiqat laboratoriyalarında və praktiki təlim proseslərində iştirakı da nəzərdə tutulur.
Qeyd edək ki, əməkdaşlığın əsas məqsədi baytarlıq təbabəti sahəsində elmi və praktiki əlaqələri gücləndirmək, tələbələrin beynəlxalq təcrübə imkanlarını genişləndirməkdir.
İlkin Adıyev, Cənub Media