Lənkəranda Vətən müharibəsi şəhidi, baş leytenant Vüsal Kazımovun xatirəsinə həsr olunmuş ənənəvi VI Lənkəran-Astara region boks turniri keçirilib. Yarışda dörd rayondan 84 idmançı müxtəlif çəki dərəcələrində mübarizə aparıb.
Cənub Media xəbər verir ki, noyabrın 19-20-də Lənkəran rayon Cənub Regional Boks Mərkəzində təşkil olunan turnir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutub.
Yarışın açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasimdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə və şəhid baş leytenant Vüsal Kazımovun həyat yoldaşı Aysel Kazımova çıxış ediblər. Çıxışlarda şəhidlərin döyüş yolu və qəhrəmanlığının gənc nəsil üçün örnək olduğu vurğulanıb, dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan bəhs edilib. Bildirilib ki, şəhidlərin xatirəsini yaşatmaq və onların qəhrəmanlığını gələcək nəsillərə çatdırmaq hər bir vətəndaşın borcudur.
Baş hakim Nazim Qulamovun start verdiyi yarışda Lənkəran, Astara, Masallı və Cəlilabad rayonlarından olan 84 idmançı müxtəlif çəki dərəcələri üzrə qüvvəsini sınayıb. Turnirin sonunda fərqlənən idmançılar diplom və medallarla təltif olunublar.
Cənub Media, Lənkəran




