Masallının Mahmudavar kəndində kənd təsərrüfatının prioritet sahələrinin inkişafına həsr olunan rayon müşavirəsi keçirilib. Tədbirdə sitrus meyvəçiliyi, çayçılıq və çiyələk əkini sahələrində görülən işlər, mövcud imkanlar və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.
Cənub Media xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən müşavirə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində təşkil olunub.
Əvvəlcə iştirakçılar sitrus meyvəçiliyi, çayçılıq və çiyələk məhsullarından ibarət sərgi ilə tanış olublar. Müşavirədə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ərazi nümayəndəliklərinin təmsilçiləri, bələdiyyə sədrləri, 200-dən çox sahibkar və fermer iştirak edib.
Tədbiri giriş sözü ilə açan Araz Əhmədov ölkədə qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişafının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu bildirib. O, aqrar sahədə həyata keçirilən ardıcıl tədbirlərin, fermerlərə göstərilən dövlət dəstəyinin, müasir texnika və avadanlıqlara çıxış imkanlarının genişləndirilməsinin, subsidiya və güzəşt mexanizmlərinin tətbiqinin kənd təsərrüfatının inkişafına mühüm təkan verdiyini vurğulayıb.
Qeyd olunub ki, Prezident İlham Əliyevin cari il mayın 25-də imzaladığı sərəncamla təsdiq edilən 2026–2030-cu illər üçün Dövlət Proqramı qarşıdakı illərdə aqrar sahənin inkişafı baxımından mühüm hədəflər müəyyənləşdirir. Proqramın əsas məqsədləri məhsuldarlığın artırılması, müasir və intensiv istehsal modelinə keçidin sürətləndirilməsi, torpaq və su ehtiyatlarından səmərəli istifadə, məhsul istehsalı ilə emal arasında əlaqələrin gücləndirilməsi və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsidir.
Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Seymur Nuriyev məruzəsində rayonun aqrar potensialı barədə məlumat verib. Bildirilib ki, Masallıda kənd təsərrüfatına yararlı 32 min 519 hektar torpaq sahəsi mövcuddur. Bunun 24 min 907 hektarı əkin, 10 min 197 hektarı isə suvarılan torpaqlardır. Rayonun torpaq-iqlim şəraiti çayçılığın, sitrus meyvəçiliyinin və digər bağçılıq sahələrinin inkişafı üçün əlverişli imkanlar yaradır. Məruzəçi digər əkin növləri və məhsuldarlıq göstəriciləri barədə də müşavirə iştirakçılarına ətraflı məlumat verib.
Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Akif Həmidov çıxışında idarənin fəaliyyət istiqamətləri, suvarma sistemlərinin istismarı və kənd təsərrüfatı bitkilərinin su təminatı ilə bağlı görülən işlərdən danışıb. Onun sözlərinə görə, rayon ərazisində 10 min 131 hektar əkin sahəsinin suvarma suyuna olan tələbatı idarənin balansında olan Viləşçay və Babaser su anbarları, sututarlar və artezian quyuları vasitəsilə təmin edilir.
Qeyd edilib ki, suvarma suyunun itkisiz və maneəsiz şəkildə su istifadəçilərinə çatdırılması məqsədilə Xırmandalı, Həsənli, Köçəkli, Qarğalıq, Xıl, Göyəçöl, Boradigah, Babaser və digər kəndlərdəki suvarma kanallarında lildən təmizlənmə və sahilbərkitmə işləri aparılıb. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Müşavirədə Aqroservis ASC-nin Masallı-Yardımlı rayon bölməsinin rəhbəri Hikmət Xəlilov mineral gübrələrə, kənd təsərrüfatı texnikasına və uyğun aqreqatlara olan tələbatın ödənilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
Sahibkar və fermerlərin çıxışlarında isə konkret təsərrüfatlarda həyata keçirilən tədbirlər diqqətə çatdırılıb. “Baba Bulağı” MMC-nin direktoru Zəmanə Babayeva-Cəfərzadə sitrus meyvəçiliyi və çayçılığın inkişafı istiqamətində görülən işlərdən, “Hacıoğlu-2023” MMC-nin nümayəndəsi Allahyar Muradov isə çiyələkçilik sahəsindəki fəaliyyət, qarşıya qoyulan hədəflər və mövcud istehsal imkanları barədə danışıb.
Müşavirə qarşılıqlı müzakirələr şəraitində davam edib.
Əlihüseyn Şükürov, Cənub Media, Masallı



