Masallıda kənd təsərrüfatının inkişafı, istehsal və emal imkanlarının genişləndirilməsi istiqamətində sahibkar və fermerlər tərəfindən bir sıra təşəbbüslər reallaşdırılır. Dövlət Proqramı çərçivəsində rayonda fəaliyyət göstərən təsərrüfatlarda görülən işlər diqqət mərkəzində saxlanılır.
Cənub Media xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Dəyanət Abdullayev və digər rəsmilər iri fermer təsərrüfatları və emal müəssisələrində mövcud vəziyyətlə tanış olublar.
Baxış zamanı bildirilib ki, “Hacıoğlu 2023” şirkəti məhsulların istehsalı və qablaşdırılması prosesini genişləndirmək məqsədilə yeni avadanlıqlar əldə edib. “Baba bulağı” şirkəti çayçılığın inkişafı istiqamətində əkin sahəsini artırıb.
Fermerlər Əbdül İsmayılov və Cəsarət Əzizov soyuducu anbarın tikintisi üçün zəruri panellər və digər avadanlıqlar alıblar. “Sehrəngah” şirkəti isə mini çay fabriki üçün avadanlıqlar əldə edib, yeni salınması nəzərdə tutulan sahədə əkilməsi üçün böyürtkən tingləri sifariş verərək təsərrüfata gətizdirib.
Görüşlərdə aqrar sahənin inkişafı ilə bağlı ölkə rəhbərliyi tərəfindən müəyyən edilmiş prioritetlərin Masallı üçün də əhəmiyyəti vurğulanıb. Dövlət Proqramının kənd təsərrüfatında müasir və innovativ yanaşmaların tətbiqinə, istehsal və emal imkanlarının genişləndirilməsinə, aqrar sahədə dəyər zəncirinin inkişafına və fermerlərə dəstəyin gücləndirilməsinə xidmət etdiyi qeyd olunub.
Sahibkar və fermerlər Dövlət Proqramının qarşıya qoyduğu hədəflərin onların fəaliyyəti üçün əlavə stimul yaratdığını bildirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Cənub Media, Masallı