Lənkəran şəhərində, Liman şəhərində və rayonun bir sıra yaşayış məntəqələrində abadlıq, yenidənqurma və yaşıllaşdırma tədbirləri həyata keçirilir. Küçələr asfaltlanır, parklar və binalar yenilənir, tarixi abidələrdə təmir-bərpa işləri aparılır.
Cənub Media xəbər verir ki, Lənkəran şəhərinin Heydər Əliyev prospektində, Liman şəhərində, Haftoni qəsəbəsində və Sütəmurdov kəndində ümumilikdə 1800 şam, 700 sərv, 100 tuya və 500 müxtəlif növ ağac əkilib.
Şəhərdə aparılan abadlıq tədbirləri çərçivəsində Əfqanıstan Veteranları Parkında yenidənqurma işləri başa çatdırılaraq sakinlərin istifadəsinə verilib. Hazırda Heydər Əliyev prospektində, akademik Zərifə Əliyeva, Paşa Təhməzov, Mirzə Məmmədhüseyn Axund, Tofiq Aslanov, Səttərxan, Əliağa Vahid, Məhəmməd Əsədov, Şirəli Axundov, Koroğlu və Fikrət Məmmədov küçələrində, eləcə də Həzi Aslanov, Xocalı və Əsgər Əliyev adına “Dostluq” parklarında abadlıq işləri aparılır.
Girdəni və Sütəmurdov körpülərindən başlayaraq Ləvəngi dairəsi və Şəhidlər xiyabanı ərazisində də işlər davam etdirilir. Parklarda tamet örtükləri yenilənir, çoxmənzilli binaların fasadları təmir olunur, hasarlar bərpa edilərək rənglənir, piyada səkilərinə yeni örtük döşənir.
Bununla yanaşı, şəhərin tarixi-mədəni irs nümunələrindən olan Dairəvi qalada təmir-bərpa işləri aparılır. Abidənin qorunması və görünüşünün yaxşılaşdırılması istiqamətində tədbirlər görülür.
Lənkəran şəhərinin kanalizasiya sisteminin yenilənməsinə də başlanılıb. Hazırda Hənifə Abdullayev küçəsində layihə üzrə tikinti-quraşdırma işləri davam etdirilir.
Cari ilin infrastruktur layihələri çərçivəsində əsaslı təmiri və asfaltlanması nəzərdə tutulan küçələrdən 15-də işlər həyata keçirilib. Arif Bağırov, M.Maqomayev, Nizami, Emil Qurbanov, M.Nəccar, Ramin Rzayev, Əyyub Bağırov, Barat Şükürov, Natiq Manafov və M.M.Axund küçələrində, eləcə də bir sıra döngə və dalanlarda ümumilikdə 17 410,5 kvadratmetr sahəyə yeni asfalt örtüyü döşənib.
Müsbət dəyişikliklərin miqyasını genişləndirmək məqsədilə daha 33 küçədə də analoji abadlıq və bərpa işlərinin aparılması nəzərdə tutulur. Artıq onlardan 15-də – Kələntərlilər, Üzeyir Hacıbəyov, Anar Mahmudov, Əli Mehdizadə, Molla Pənah Vaqif, Hənifə Abdullayev, Molla Vəli Vidadi, Dədə Qorqud, Vüsal Quliyev, Elnur Talıbov, Vaqif Nağıyev, Samir Allahverdiyev, Etiram Hüseynov, Şəhidlər Xiyabanı döngə 9 və Şeyx Zahid küçələrində müvafiq işlərə start verilib.
Paralel olaraq, 7 çoxmənzilli binanın girişlərinin daxili hissələrinin və məhəccərlərinin rənglənməsi yekunlaşıb, hazırda fasadların rənglənməsi işləri aparılır.
Abadlıq tədbirləri Lənkəran şəhəri ilə yanaşı, Liman şəhərində, Hirkan və Gərmətük qəsəbələrində də davam etdirilir. Məlumatda qeyd olunur ki, bu işlər rayonun yerli büdcəsi hesabına həyata keçirilir.
Lənkəran rayonunda yerləşən 70 tarix və memarlıq abidəsi haqqında məlumatlar da rəqəmsallaşdırılıb.
Şəhərin beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində də addımlar atılır. Mayın 20-də Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək üçün Bakıda olan Polşa nümayəndə heyətinin üzvləri Lənkərana səfər ediblər. Səfərin məqsədi Lənkəran və Lublin şəhərləri arasında qardaşlaşma əlaqələrinin yaradılması məsələlərini müzakirə etmək olub. Nümayəndə heyətini Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov qəbul edib.
WUF13 barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə isə Heydər Əliyev Xatirə parkında açıq havada festival təşkil olunub.
İlkin Adıyev, Cənub Media, Lənkəran
