Dövlət sərhədini pozaraq İrandan Azərbaycana narkotik vasitələr və psixotrop maddələr keçirməyə cəhd göstərən paratrike tipli uçuş aparatı aşkarlanıb. Əməliyyat nəticəsində aparat zərərsizləşdirilib, onu idarə edən İran vətəndaşı saxlanılıb.
Cənub Media xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Bildirilib ki, hadisə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində qeydə alınıb. Dövlət sərhədini pozaraq İran İslam Respublikasından Azərbaycan istiqamətində hərəkət edən paratrike tipli uçuş aparatı müşahidə edilib.
Keçirilən kompleks əməliyyat-qoşun tədbirləri nəticəsində uçuş aparatı zərərsizləşdirilib. Aparatdan ümumi çəkisi 21 kiloqram 210 qram olan narkotik vasitə, o cümlədən 19 kiloqram 270 qram marixuana və 1 kiloqram 940 qram tiryək, həmçinin 4000 ədəd psixotrop tərkibli metadon M-40 həbi aşkar edilərək götürülüb.
Uçuş aparatını idarə edən İran İslam Respublikası vətəndaşı sərhəd pozucusu qismində saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin məlumatında qeyd olunub ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, müxtəlif vaxtlarda uçuş aparatları vasitəsilə Azərbaycan ərazisinə narkotik vasitələrin qanunsuz keçirilməsi halları müşahidə edilib.
Qurum dövlət sərhədində qanunsuz fəaliyyətlərin qarşısının alınması, bu məqsədlə istifadə olunan texniki və uçuş vasitələrinin zərərsizləşdirilməsi, eləcə də həmin əməllərdə iştirak edən şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində tədbirlərin davam etdiriləcəyini bildirib.
Cənub Media, Cəlilabad