Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində 2026–2027-ci tədris ilinin payız-qış mövsümünə hazırlıq işləri çərçivəsində istilik sistemlərinin saz vəziyyətə gətirilməsi istiqamətində tədbirlər görülüb.
Cənub Media xəbər verir ki, hazırlıq tədbirləri zamanı təhsil müəssisələrində istilik sistemlərinin texniki vəziyyəti yoxlanılıb, qazanxanalara baxış keçirilib, aşkar olunan çatışmazlıqların aradan qaldırılması üçün müvafiq işlər aparılıb. Nəticədə istilik avadanlıqları və sistemləri istismara hazır vəziyyətə gətirilib.
Bildirilib ki, cari il ərzində təhsil müəssisələrində istilik təminatı ilə bağlı ümumilikdə 85 texniki problem aradan qaldırılıb. Mövcud ehtiyaclar nəzərə alınmaqla bu istiqamətdə işlər davam etdirilir.
Qış mövsümünə hazırlıq çərçivəsində ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrinin məsul əməkdaşları üçün maarifləndirici təlimlər də təşkil olunub. Təlimlərdə istilik sistemlərinin düzgün istismarı, yanğın və texniki təhlükəsizlik qaydaları, mümkün risklərin qarşısının alınması məsələlərinə diqqət yetirilib.
Xüsusilə alternativ istilik mənbəyi kimi istifadə olunan pelet sobalarının təhlükəsiz istismarı ilə bağlı məlumatlandırma aparılıb. Məsul şəxslərə avadanlıqlardan düzgün istifadə, texniki istismar tələbləri, yanğın təhlükəsizliyi və fövqəladə hallar zamanı davranış qaydaları izah edilib.
Görülən tədbirlərin əsas məqsədi soyuq hava şəraitində şagirdlər, məktəbəqədər yaşlı uşaqlar və təhsil işçiləri üçün təhlükəsiz və sağlam mühit yaratmaq, həmçinin təlim-tədris prosesinin fasiləsizliyini təmin etməkdir.
Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən qış mövsümündə istilik təminatının dayanıqlılığının qorunması və təhlükəsizlik tələblərinə əməl olunması istiqamətində nəzarət tədbirləri davam etdirilir.
Cənub Media, Lənkəran