Cəlilabad şəhərində məktəblilərin rəqəmsal təhlükəsizlik, uşaq hüquqları və zərərli vərdişlərdən qorunması ilə bağlı maarifləndirici tədbir keçirilib.
Cənub Media xəbər verir ki, tədbir Cəlilabad Rayon İcra Hakimiyyəti və Rayon Prokurorluğunun birgə təşkilatçılığı ilə Akademik Zərifə Əliyeva adına 7 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil olunub.
Görüşdə “Rəqəmsal savadlılıq, kibertəhlükəsizlik və məsuliyyətli onlayn davranış”, “Avaralıq və dilənçiliklə məşğul olan uşaqlarla bağlı həyata keçirilən tədbirlərə dövlət nəzarətinin gücləndirilməsi” və “Təmiz gələcək – #YoxDe” mövzuları müzakirə edilib.
Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının böyük məsləhətçisi, Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xumarə Xəlilova, İctimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi, komissiyanın məsləhətçi-psixoloqu Özal Kazımov, rayon prokurorunun köməkçisi Gülnur Əkbərova, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi Rəşxəndə Qasımova, Regional Gənclər və İdman İdarəsinin Cəlilabad rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Salamat Nəcəfov, məktəbin direktoru Səidə Şükürova və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlarda şagirdlərə internetdən təhlükəsiz və məsuliyyətli istifadə, şəxsi məlumatların qorunması, kibertəhdidlərdən yayınma yolları barədə məlumat verilib. Həmçinin avaralıq və dilənçiliklə məşğul olan uşaqlarla bağlı görülən tədbirlər, onların hüquqlarının müdafiəsi və bu sahədə dövlət nəzarətinin əhəmiyyəti diqqətə çatdırılıb.
Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin yaratdığı təhlükələr, narkomaniyanın fəsadları və zərərli vərdişlərdən qorunma yolları barədə də maarifləndirici söhbətlər aparılıb.
Sonda şagirdlərin sualları cavablandırılıb, sağlam həyat tərzinin seçilməsi, hüquq pozuntularından və zərərli vərdişlərdən uzaq durmağın vacibliyi vurğulanıb.
Cənub Media, Cəlilabad
