Astara rayonunda yağan intensiv yağışlar Pensərçayda suyun səviyyəsinin və axınının artmasına səbəb olub. Nəticədə çayın sahilbərkitmə qurğularında sürüşmə baş verib, 16 istinad divarı çaya aşıb.
Cənub Media xəbər verir ki, hadisə gecə saatlarında rayonun Vaqo kəndi ərazisində, Pensərçayın sol sahilində qeydə alınıb.
Məlumata görə, 1988-ci ildən inşa edilmiş sahilbərkitmə qurğularının yerləşdiyi ərazidə aramsız yağışlar nəticəsində çayda su sərfi artıb. Güclü axın istinad divarlarının dib hissəsində torpağın yuyulmasına səbəb olub. Nəticədə ümumilikdə 16 istinad divarı və təxminən 20 metr uzunluğunda torpaq qatı çaya uçub.
Hadisə ilə əlaqədar əraziyə Astara Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin mütəxəssisləri və texnikaları cəlb olunub. Hazırda ərazidə vəziyyətin qiymətləndirilməsi və müvafiq tədbirlərin görülməsi istiqamətində işlər aparılır.
Cənub Media, Astara