Masallı rayonunda təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, şagird nailiyyətlərinin artırılması və müəllimlərə metodiki dəstəyin gücləndirilməsi məsələləri müzakirə olunub.
Cənub Media xəbər verir ki, görüşdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Namiq Aslanov, Masallı rayonu üzrə təhsil sektorunun müdiri Elman Rzayev, sektor əməkdaşları və təhsil müəssisələrinin rəhbər heyətləri iştirak ediblər.
Müzakirələr zamanı keyfiyyət fəaliyyət planının icra vəziyyəti, tədrisin monitorinqi, müasir təlim metodlarının tətbiqi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və dərsdinləmələrin təşkili məsələlərinə diqqət yetirilib.
Həmçinin şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, təlim nəticələrinin yaxşılaşdırılması, müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması və təhsil müəssisələrinə metodiki dəstəyin göstərilməsi istiqamətində görüləcək işlər nəzərdən keçirilib.
Görüşdə IV, VI və IX siniflər üzrə ötən tədris ilinin nəticələri də təhlil olunub. Əldə edilən göstəricilər əsasında tədris prosesinin təkmilləşdirilməsi və şagird nailiyyətlərinin yüksəldilməsi üçün prioritet istiqamətlər müəyyənləşdirilib.
Cənub Media, Masallı



