Masallı Rayon Heydər Əliyev Mərkəzində Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Cənub Media xəbər verir ki, müşavirədən əvvəl tədbir iştirakçıları Masallı şəhərindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Müşavirədə geniş məruzə ilə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqinin əhəmiyyətindən danışıb. O bildirib ki, dövlət başçısının proqram xarakterli çıxışı gələcək fəaliyyət üçün əsas istiqamətləri müəyyənləşdirən yol xəritəsidir. Rayon rəhbəri Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk qurultayın ölkənin siyasi tarixində xüsusi yer tutduğunu vurğulayıb.
Araz Əhmədov çıxışında ideoloji təhlükəsizlik və vətənpərvərlik tərbiyəsi məsələlərinə də toxunub. O, xaricdən yönələn ideoloji təxribatların və sosial şəbəkələrdə aparılan qərəzli kampaniyaların cəmiyyətdə birliyi sarsıtmağa xidmət etdiyini qeyd edərək, bu təhdidlərin qarşısının alınmasında təhsilin, biliyin və milli-mənəvi dəyərlərə əsaslanan vətənpərvərlik tərbiyəsinin əhəmiyyətini diqqətə çatdırıb. Partiya fəallarının, ziyalıların və gənclərin formal tədbirlərdən uzaqlaşaraq daha təsirli ideoloji iş aparmasının vacibliyi vurğulanıb.
Rayon rəhbəri əhalinin sosial rifahının yüksəldilməsi, aqrar sektorun inkişafı və vətəndaşların problemlərinin yerlərdə operativ həllinin gündəlik fəaliyyətin əsas istiqamətləri olduğunu bildirib. O, Prezident İlham Əliyevin “Bizim sözümüz imzamız qədər dəyərlidir. Biz ləyaqətlə yaşayırıq, siyasətimizi də ləyaqətlə aparırıq” fikrini xatırladaraq, Masallı rayonunun ölkənin tərəqqisinə bundan sonra da layiqli töhfə verəcəyini qeyd edib.
Müşavirə rayonun ziyalılarının, şəhid ailələrinin nümayəndələrinin və müxtəlif sahələri təmsil edən rəhbər şəxslərin çıxışları ilə davam edib.
Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev cəmiyyətdə ağsaqqal sözünün dəyərindən, eləcə də Vətənə və dövlətə xidmət işində yaşlı nəslin rolundan danışıb.
Masallı şəhər Rafiq Əlihəsənov adına 1 saylı tam orta məktəbin direktor müavini, şəhid Niyaməddin Sultanzadənin anası Mehriban Sultanova şəhid ailələrinə göstərilən dövlət diqqəti və qayğısından bəhs edib, gənc nəslin tərbiyəsində mühüm məqamları diqqətə çatdırıb.
Masallı Rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva Ulu Öndər Heydər Əliyevin irsinin müasir Azərbaycanın inkişaf strategiyasındakı təməl rolundan, bu irsin təbliğindən və ideoloji məsələlərdən danışıb.
Masallı Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru İlqar Ramiz oğlu dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının və onun rifahının dayandığını bildirərək, əhalinin sağlamlığının qorunması və səhiyyə sisteminin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib.
Mahmudavar kənd tam orta məktəbinin direktoru Xanım Əliyeva Azərbaycanın gələcəyinin savadlı və intellektual gəncliyin yetişdirilməsindən asılı olduğunu vurğulayaraq, təhsil sahəsindəki prioritetlərə toxunub.
“Dəfinə” Texniki-Riyaziyyat Təmayüllü Liseyinin direktor müavini, “Əməkdar müəllim” Əhməd Məmmədov istedadlı şagirdlərin yetişdirilməsi və təhsil sistemində yüksək nəticələrin əldə olunması istiqamətində təcrübəsini bölüşüb.
Sərçuvar kənd Səfərəli Məmmədov adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi, Vətən müharibəsi iştirakçısı Rza Məmmədov isə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan Zəfərdən və gənc nəslə vətənpərvərlik ruhunun aşılanmasının əhəmiyyətindən danışıb.
Sonda müşavirəyə yekun vurulub, çıxışlarda səsləndirilən fikirlərə və tədbirdə fəal iştiraka görə iştirakçılara minnətdarlıq bildirilib.
Əlihüseyn Şükürov, Cənub Media



