Lənkəran şəhərində ailə münaqişəsi zəminində qadın və azyaşlı uşağın bıçaqlanması ilə nəticələnən ağır hadisə baş verib.
Cənub Media xəbər verir ki, hadisə şəhərin Zərifə Əliyeva küçəsində, “Müəllimlər binası” kimi tanınan yaşayış binasında qeydə alınıb. İlkin məlumata görə, 34 yaşlı Allahşükür Ağazadə həyat yoldaşı, 1997-ci il təvəllüdlü Rəvanə Ağazadəyə çoxsaylı bıçaq xəsarətləri yetirib.
Hadisə zamanı evdə olan 2023-cü il təvəllüdlü azyaşlı anasının qucağına qaçıb. Atanın qadına endirdiyi zərbələrdən üçünün uşağa da dəydiyi bildirilir.
Ağır xəsarət alan ana və uşaq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Azyaşlı vəziyyətinin ağır olması səbəbindən reanimasiya şöbəsinə yerləşdirilib. Qadın isə əməliyyata alınıb.
Hadisəni törətməkdə şübhəli bilinən 34 yaşlı Allahşükür Ağazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, ailə əslən Lənkəran rayonunun Xanbulan kəndindəndir. Onların hadisənin baş verdiyi ünvanda kirayədə yaşadıqları bildirilir.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Cənub Media, Lənkəran