Masallıda gənclərin peşə seçiminə və gələcək karyera planlarının müəyyənləşdirilməsinə dəstək məqsədi daşıyan “PeşəFest-2026” festivalı təşkil olunub.
Cənub Media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi festival Masallı Rayon İcra Hakimiyyətinin qarşısındakı meydanda keçirilib. “Peşə öyrən, gələcəyini qur!” devizi altında təşkil olunan tədbirin əsas məqsədi gəncləri əmək bazarında aktual olan peşələrlə tanış etmək, onların düzgün peşə və karyera seçiminə kömək göstərməkdir.
Festivalda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, Milli Məclisin deputatı Məşhur Məmmədov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov, dövlət və özəl qurumların nümayəndələri, eləcə də ictimaiyyət təmsilçiləri iştirak ediblər.
Araz Əhmədov çıxışında gənclərin əmək bazarında uğur qazanmaları üçün müasir və tələbatlı peşələr üzrə bilik və bacarıqlara yiyələnmələrinin vacibliyini vurğulayıb. O, belə tədbirlərin peşə seçimi ilə bağlı məlumatlılığın artırılmasına, gənclərin karyera istiqamətlərini müəyyənləşdirməsinə və gələcək məşğulluq imkanlarının genişlənməsinə töhfə verdiyini bildirib.
Rəşad Mustafayev “PeşəFest”in gənclərin müasir əmək bazarının tələblərinə uyğun peşələrlə tanışlığı və gələcək karyeralarını düzgün qurması baxımından əhəmiyyətini qeyd edib. Gənclərin potensialının üzə çıxarılması, onların peşə təhsilinə marağının artırılması və işəgötürənlərlə əlaqələrinin gücləndirilməsi məşğulluq siyasətinin əsas istiqamətləri kimi diqqətə çatdırılıb.
Məşhur Məmmədov isə düzgün karyera seçiminin gələcək uğurların təməli olduğunu bildirib. O, gəncləri mütəxəssislərin tövsiyələrindən yararlanmağa, rəqəmsal və praktiki sahələr üzrə peşə bacarıqlarını inkişaf etdirməyə çağırıb.
Festival çərçivəsində müxtəlif sahələri təmsil edən peşəkarlar təqdimatlarla çıxış edərək öz ixtisaslarının xüsusiyyətləri, tələb olunan bilik və bacarıqlar barədə məlumat veriblər. İştirakçılar, həmçinin peşə seçimi və gələcək karyera imkanları ilə bağlı mütəxəssislərdən tövsiyələr alıblar.
Qeyd edək ki, “PeşəFest-2026” çərçivəsində əmək bazarında aktual olan 11 peşə və ixtisas üzrə maarifləndirici tədbirlər təşkil olunur. Bunlara barista, bərbər, tibb bacısı və tibb qardaşı, dənizçi, əşyaların interneti (IoT) üzrə mütəxəssis, uçuş mühəndisi, geyim dizayneri, silah mühəndisi, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏM) mütəxəssisi, kibertəhlükəsizlik mütəxəssisi və UI/UX dizayneri daxildir.
Festival gənclərə müxtəlif peşələrin xüsusiyyətlərini əyani şəkildə öyrənmək, mütəxəssislərlə ünsiyyət qurmaq və əmək bazarının tələbləri barədə məlumat əldə etmək imkanı yaradır.
İlkin Adıyev, Cənub Media, Masallı

