Lənkəran Dövlət Universitetində (LDU) “Şərq–Qərb sivilizasiyaları arasında şəhərsalma modelləri” mövzusunda elmi konfrans keçirilib. Tədbirdə müxtəlif sivilizasiyaların memarlıq və urbanizasiya ənənələri, şəhərsalmanın tarixi inkişaf mərhələləri və müasir yanaşmalar müzakirə olunub.
Cənub Media xəbər verir ki, konfransda universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş sözü ilə açan LDU-nun elm və innovasiya məsələləri üzrə prorektoru, dosent Elvin Əliyev mövzunun elmi və tarixi əhəmiyyətindən danışıb. O bildirib ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi bu sahədə elmi müzakirələrin və araşdırmaların aktuallığını artırır.
Prorektor qeyd edib ki, bu qərar milli memarlıq irsinin qorunmasına, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərinin müasir urbanizasiya standartları əsasında həyata keçirilməsinə diqqəti gücləndirir. Eyni zamanda, ali təhsil müəssisələrinin qarşısında şəhərsalma sahəsində elmi araşdırmaların dərinləşdirilməsi və innovativ yanaşmaların tətbiqi ilə bağlı yeni vəzifələr qoyur.
Çıxışda Şərq və Qərb şəhərsalma mədəniyyətlərinin qarşılıqlı təsirinin öyrənilməsinin müasir dövr üçün əhəmiyyəti də vurğulanıb.
Konfrans çərçivəsində mövzu ilə bağlı elmi məruzələr dinlənilib. LDU-nun Xarici dillər kafedrasının professoru Əfqan Abdullayev, Filologiya və ibtidai təhsil fakültəsinin dekanı, dosent Elman Mirzəyev, Tarix-coğrafiya və incəsənət fakültəsinin dekanı, dosent Afaq Qasımova, Tarix və onun tədrisi metodikası kafedrasının müdiri, dosent Kamal Mahmudov və Coğrafiya və onun tədrisi metodikası kafedrasının müdiri, dosent Sənan Əzizov çıxış ediblər.
Məruzələrdə şəhərsalma tarixinin müxtəlif mərhələləri, Şərq və Qərb sivilizasiyalarının memarlıq xüsusiyyətləri, eləcə də coğrafi və mədəni amillərin urbanizasiya proseslərinə təsiri barədə məlumat verilib.
Cənub Media, Lənkəran