Ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslər eksternat qaydasında keçiriləcək imtahanlarda iştirak edərək müvafiq təhsil sənədi ala bilərlər. Bununla bağlı sənəd qəbulu 16 noyabr 2026-cı il tarixindən 18 dekabr 2026-cı il tarixinədək aparılacaq.
Cənub Media xəbər verir ki, bu barədə Lənkəran-Astara Regional Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, əvvəlki illərdə ümumi təhsil müəssisələrində təhsil almış, lakin ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməmiş şəxslər müraciət edə bilərlər.
Eksternat qaydasında keçiriləcək aralıq imtahanlarında əvvəlki illərdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində oxumuş və ya hazırda Lənkəran-Astara regionunda qeydiyyatda olan şəxslər iştirak edə bilərlər.
İmtahanda iştirak etmək istəyənlər aşağıdakı sənədləri rayonlar üzrə təhsil sektorlarına təqdim etməlidirlər:
- Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdirinin adına yazılmış ərizə;
- Doğum haqqında şəhadətnamənin və ya şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq olunmuş surəti;
- 3×4 ölçüdə iki ədəd fotoşəkil;
- Yaşayış yerindən arayış;
- Əvvəllər təhsil aldığı müəssisədən təhsildən yayınma səbəbi və tədris ili (neçənci sinfi nə vaxt bitirməsi) göstərilməklə verilmiş arayışın surəti;
- Tam orta təhsil səviyyəsi (XI sinif) üzrə imtahanda iştirak etmək istəyənlər üçün ümumi orta təhsil haqqında attestatın (şəhadətnamənin) notariat qaydasında təsdiq olunmuş surəti;
- Hərbi biletin surəti (olduğu halda).
Qeyd olunub ki, ümumi orta təhsil haqqında attestat almaq üçün müraciət edən şəxslərin yaşı 16-dan, tam orta təhsil haqqında attestat almaq istəyənlərin yaşı isə 18-dən aşağı olmamalıdır.
Təqdim edilən sənədlərdə uyğunsuzluq aşkarlandığı halda imtahanda iştirakla bağlı müraciət qəbul edilməyəcək.
İmtahanın keçiriləcəyi yer və tarix barədə əlavə məlumat veriləcək.
Cənub Media, Lənkəran