Lənkəran rayonunda dörd nəqliyyat vasitəsinin iştirakı ilə baş verən zəncirvari yol-nəqliyyat hadisəsi nəticəsində iki kəndin elektrik enerjisi təchizatında fasilə yaranıb.
Cənub Media xəbər verir ki, qəza Lənkəran–Boradigah–Masallı avtomobil yolunun Separadi kəndi ərazisində qeydə alınıb.
Belə ki, Şağlaser kənd sakini, 2008-ci il təvəllüdlü Mirmehdi Hüseynovun idarə etdiyi “Qazel” markalı nəqliyyat vasitəsi hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarında hərəkətsiz dayanan Zövlə kənd sakini, 1985-ci il təvəllüdlü Elvin Şəfiyevə məxsus “Mercedes” markalı avtomobilə çırpılıb.
Zərbənin təsirindən “Qazel” daha sonra Zövlə kənd sakini, 1970-ci il təvəllüdlü Elvar Salayevin idarə etdiyi “VAZ-21099” markalı avtomobilə, eləcə də marketin qarşısında dayanmış Separadi kənd sakini, 2004-cü il təvəllüdlü Cavid Əzimzadəyə məxsus “VAZ-2106” markalı nəqliyyat vasitəsinə çırpılıb. Bundan sonra yük avtomobili yol kənarındakı beton elektrik dirəyinə dəyib.
Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Elektrik dirəyinin zədələnməsi səbəbindən Separadi və Zövlə kəndlərinin ümumilikdə 6 minə yaxın sakini işıqsız qalıb.
İlkin məlumata görə, hadisəyə “Qazel” markalı nəqliyyat vasitəsinin sürücüsünün ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Cənub Media, Lənkəran